Veb dizayn trendləri tez-tez dəyişir. 2020-ci il bizə sonsuz texniki imkanlar təqdim edib və görünənə görə dizaynerlər bu imkanlardan maksimum istifadə edərək yeni texnikalar sınayır, köhnə dizaynlara yenidən həyat verirlər. Lakin bəzi stillər var ki, onlar heç vaxt dəbdən düşmür, çox güman ki, düşməyəcək də. Məsələn, uzun zamandır populyar olan minimalizm və rəngli yastı təsvirlər.
99designs 2020-ci ildə dəbdə olacaq trendlər haqqında ekspertlərdən soruşub. Aşağıda bu trendlərlə tanış ola bilərsiniz :
1. Qaranlıq rejimi ( dark mode )
DarkDesign Studio
“İnanırıq ki, 2020-ci ilin ən başlıca trendlərindən biri istifadəçilərə Qaranlıq Rejimini işə salmaq seçimi verən və UI dizayna əsaslanan tünd dizayn olacaq. Çünki qara arxa fonlar dizayn elemetlərini daha çox üzə çıxarır, digər rənglərlə daha yüksək kontrast yaradır və göz gərginliyi yaratmadığı üçün vizual cəhətdən daha xoşagələndir.”
- DarkDesign Studio
Qaranlıq rejimli veb dizaynlar ekstra modern görüntü yaradır, gözləri ağrıtmır və rənglərin, elementlərin arxa fondan fərqlənərək daha yaxşı görünməsinə səbəb olur. Dizaynın dinamik olması üçün qara rejim əvəzolunmaz vasitədir. Həmçinin, tünd dizaynlar zaryadkanı yaxşı saxladıqları və ekran ömrünü uzatdıqlarına görə OLED ekranlar üçün xüsusilə tövsiyyə olunur.
Əlavə olaraq, qaranlıq rejim estetikası parlaq neonlar, futuristik, tünd kiberpank və distopiya üslubları daxil olmaqla qaranlıq əhval-ruhiyyəli rəng sxemləri özündə birləşdirən digər 2020 dizayn trendləri üçün də uyğundur.
2. Qüsurluluq və natamamlıq hiss etdirən təsvirlər
Mükəmməl olmayan, əl işi kimi görünən və xaotik elementlər vebsaytlara emosiya, həqiqilik və müəyyən mənada “insanlıq” qataraq sanki ruh verir. İllərdir anormal dərəcədə mükəmməllik görən istifadəçiləri məhz bu tip dizaynlarla cəlb edə bilərsiniz.
“Geniş yayılacaq trendlərdən biri əl ilə çəkilmiş ikonlar olacaq. Onlar daha çox emosiya ötürə bilirlər. Bu trend ətrafımızda pozitiv şeylər görmək istəyimizlə bağlıdır, günümüzü qəşəngləşdirə biləcək pozitiv şeylər.”
- Elisabetta Calabritto
Həm bu günlərdə pozitivliyə ehtiyacımız daha çoxdur :)
Bu üsyankar trend mükəmməl-pikselli yastı dizaynlara qarşı çıxır.
Unikal, dəbli, üstəlik əl işi olan ikonlar və digər elementlər brend kimliyini üzə çıxarmağa və rəqiblərdən fərqlənməyə kömək ola bilər. Çünki emosiyalı və həqiqi təsvirlər, həm də, daha canlı və ruhlu brend deməkdir.
3. 3D elementlər
GG Marmont Gucci
A-0 Design
“Düşünürük ki, qrafik dizaynda və interaksiya dizaynında 3D texnologiyasını tez-tez görəcəyik. Texnologiya dizaynı həmişə qabağa itələyir; texnologiyadan geri qalmaq inkişafdan qalmaq deməkdir. Dizaynerlərin 3D aləmində gəzmək üçün həddən artıq çox imkanı var.”
- Pinch Studio
3D vizualları hər zaman insanların qəlbini fəth etməyi bacarıb. Yeganə problem yüksək qiymət olub. Lakin, Pinch Studio-nun da bildirdiyi kimi, texnologiya hal-hazırda elə bir səviyyədədir ki, artıq 3D yaratmaq üçün NASA səviyyəli alətlər tələb olunmur və bu da dizaynerlərə daha çox imkan yaradır.
Virtual Reallığın (VR) populyarlaşdığı və xərc baxımından daha səmərəli olduğu vaxta qədər, bütün ekranı əhatə edən hiper-real 3D vebsaytınızla interaksiya üçün ən doğru seçimlərdəndir. 3D yalnız vizual baxımdan yox, UX üçün də çox faydalıdır - 3D dizayn istifadəçilərin vebsaytda daha çox vaxt keçiməsinə gətirib çıxarır. Proqnozlara əsasən, 2020-də bu trend kifayət qədər geniş yayılacaq və reallıqla rəqəmsal dünya arasındakı sərhədləri zəiflədəcək.
4. Yumşaq kölgələr, laylar-qatlar və üzən elementlər
“Yumşaq kölgələr və üzən elementlər yalançı 3D effekti yaradırlar, dizaynı daha laylı və maraqlı edirlər.”
- Alex Ivanov
3D sevirsiniz, lakin bağışladığı təsirin biraz daha yumşaq olmasını arzulayırsınız? Onda yumşaq kölgələr və üzən elementlər köməyinizə çata bilər. Onlar saytınıza daha dərin məna və maraq qatırlar, veb-səhifələrə 3D Lite görünüşü verirlər. Onlardan yalnız qrafiklərdə yox, mətn və şəkillərdə də istifadə edə bilərsiniz.
Dizayn prinsiplərinin sərhədlərini azacıq pozaraq, dizaynerlər 2D sxemlərə qlamurluq qatmaq üçün yumşaq kölgələrdən və bir-birinin üzərində yerləşən laylı elementlərdən istifadə edə bilərlər. Bu effektlər dizayna yüngüllük verir, sanki elemenlət bir-birilərinin üzərində üzürlər.
Məqalənin 1-ci hissəsinin sonuna çatdıq. Bütün məqalələrdən xəbərdar olmaq üçün facebook səhifəmizi və saytımızın Blog bölməsini izləməyə davam edin.
Tərcümə etdi: Lalə Fərzizadə.
Təşəkkürlər :)