2020-ci il üçün veb dizayn trendlərini əhatə edən məqalənin ikinci hissəsini sizə təqdim edirik.
5. Şəkil və qrafik qarışımı
Zhenya Rynzhuk
“Qrafik və illustrasiyalı şəkillərin təsir etmə və mesaj vermə gücü daha çoxdur. Bu şəkillər həm brendinq üçün faydalıdır, həm də vebsaytınıza özünəməxsus görünüş bəxş edir.”
- Hiroshy
Bir-birini tamamlayan orijinal qrafiklər daha yadda qalan görünüş yaradır və sizin yüksək yaradıcılıq qabiliyyətinizdən xəbər verir.
Trend həm də çoxşaxəlidir, müxtəlif sahələrdə istifadə oluna bilər. Məsələn, hansısa maraqsız məhsul şəklinə cazibə qatmaq üçün və ya qarışıq maliyyə və texnologiya konseptlərini insanlara daha yaxşı çatdırmaq üçün istifadə oluna bilər. Yəni, veb dizaynınızın digərlərindən fərqlənməsini istəyirsinizsə, bu trendə uyğunlaşmanız məsləhət görülür.
Daha uğurlu olmaq üçün, çalışın ki, istifadə etdiyiniz illustrasiya və şəkillər brend kimliyiniz ilə uyğunlaşsın. Çünki onların stili insanların ümumi şəkli necə qavramalarına təsir göstərir. Məsələn, həndəsi və detallı fiqurlar daha mürəkkəb və intelligent məqsədləri, karikatura və cizgi film illustrasiyalaları isə daha əyləncəli məqsədləri ehtiva edir.
6. Ağ sahə çərçivələri
akorn.creative
Daan Spits
“Vebsaytlarda bol ağ sahənin tərəfdarıyam, bütöv ekran şəkillərindən və parallaks dizaynlarından uzaq qaçmağa çalışıram. Çərçivələnən obyektlər diqqəti yerləşdikləri hissəyə çəkir, vebsaytın görünüşü sanki daha önə çıxır.”
- Daan Spits
Dolu dizaynlar bir neçə il xeyli məşhur olub. Lakin indi veb dizaynerlər ağ sahədən mümkün qədər istifadə etməyə çalışırlar. Bunun üçün müxtəlif üsullar sınayırlar və fərqli sxemlərdən istifadə edirlər. Çünki ağ sahə vebsaytı daha strukturlu, dizaynı daha təmiz, səliqəli və stabil göstərir. 2020-ci ildə geniş ağ sahə çərçivələri ilə çox qarşılaşacağıq.
7. Parlaq və işıqlı rəng sxemləri
“Futuristik rəng sxemləri və dizaynları bu il trenddə olacaq. Həmin futuristik parlaqlılığı bildirmək üçün göy, bənövşəyi və tünd çəhrayı rənglər xüsusilə dəbdə olacaq.”
- Adrianne Mesnard, Art Director at 99designs
2020-ci ildə çox fərqli, cəsarətli rəng qarışımları görəcəyik. Duoton dizaynlar, kölgələrlə istifadə olunan tünd neon parıltıları dəbdə olacaq.
“Unikal duoton veb dizaynlar vizual baxımdan daha cəlbedici və maraqlıdır. Duoton effektin köməyi ilə, demək olar ki, hər bir şəkli şirkətin brend kimliyi ilə uyğunlaşdırmaq mümkündür.”
- deandesign
Bu il maraq oyadan rəng sxemləri veb dizaynda xüsusi rol oynayacaq. Ekstremal minimalizm və qaranlıq rejimi trendlərini parlaq və işıqlı rəng sxemləri mükəmməl şəkildə tamamlayır.
8. Ultra minimalist naviqasiya
Alt*CEVA
Sathish
“2020-ci ildə vebsayt kontentinin səs yazılı videolar üzərində daha çox fokuslanacağı və tekstə az yer veriləcəyi proqnoz olunub. Ümumilikdə, naviqasiyanı asanlaşdırmaq üçün dizaynlar daha sadə olacaq.”
- Ananya Roy
Üzərimizdə gəzdirə biləcəyimiz cihazların (məsələn, ağıllı saatlar) inkişafı dövründə veb dizayn ümumilikdə daha “kiçik düşünməlidir”. Çünki cihazın kiçikliyindən mənfi təsirlənən ən başlıca amil naviqasiyadır və bu mənfi təsiri mümkün qədər azaltmaq üçün kiçik və sadə dizaynlar lazımdır.
Ekstremal minimalizm istifadədəki çətinliyin çoxunu aradan qaldırır. Çətinlik aradan qalxdığı üçün oistifadəçi saytda daha çox vaxt keçirir.
Həmçinin, minimalist iri ölçülü şəkillər də istifadəçiləri cəlb edə biləcəyiniz vasitələrdəndir və bu il bu vasitə xeyli populyar olacaq.
“Böyük şəkillərin və videoların bir çox müsbət cəhəti var. Məsələn, biznesinizin məqsədini məhz bu şəkillərlə insanlara izah edə bilərsiniz. Düşünürəm ki, gündən-günə daha çox vebsaytın irihəcmli şəkillərdən istifadə etməsinin səbəbi də budur.”
- Coincept
Az mətnli irihəcmli şəkillər ön plana çəkilir və kompozisiyanın əsas məqsədini əks etdirir. Gördüyümüz kimi, veb dizaynerlər ilham üçün həm köhnə dizaynlardan istifadə edirlər, həm də müasir alətlərdən istifadə edərək tamamilə yeni dizaynların əsasını qoyurlar. Bir-birindən çox fərqlənən, eyni zamanda, müəyyən mənada oxşar olan trendlər 2020-nin surprizlərlə dolu olacağından xəbər verir.
Məqalənin sonuna çatdıq. Bütün məqalələrdən xəbərdar olmaq üçün facebook səhifəmizi və saytımızın Blog bölməsini izləməyə davam edin.
Tərcümə etdi: Lalə Fərzizadə
Təşəkkürlər :)