SEO 2020: Nələri bilməliyik?


SEO xidmetleri zamanı 2020-ci ildə hansı qaydalara riayət tməli olduğumuzu izah edən məqalənin posteri



SEO dünyasında hər şey çox sürətlə dəyişir. İllər əvvəl işə yarayan metodlar artıq effektiv deyil. Günümüzdə SEO artıq Google-ı linklər və açar sözlərlə spamlamaq kimi başa düşülmür və vaxt keçdikcə daha samballı bir anlayışa çevrilir. Günü-gündən rəqabətliliyi artan bu sahədə uğurlu olmaq üçün bilməli olduğunuz bir neçə məqam var.


Sadə təməl anlayışlar

SEO-nun fokuslanmalı olduğumuz 4 sadə elementi var:

  • Açar sözlər

  • Açar sözlərin axtarış həcmləri

  • Orqanik axtarışdan gələn trafik

  • Hədəf açar sözləri axtarışa verən potensial müştərilərin real müştərilərə çevrilməsi

Bütün strategiyalar isə ümumi baxsaq, aşağıdakılar ətrafında dövr edir :

  • Səhifə optimizasiyası

  • Link bazasının yaradılması

  • Kontent

  • Texniki SEO

Qeyd olunanlar istənilən SEO kampaniyasında nəzərdə saxlamalı olduğumuz anlayışlardır.
Bəs, nə etmək lazımdır ki, bütün bu faktorlardan mümkün qədər səmərəli istifadə etməklə sondakı nəticə effektiv olsun? Gəlin, baxaq.



Mövzular, obyektlər və açar sözlər

Baxacağımız ilk komponent açar sözlər və hədəf açar sözlərin seçilməsidir. Bir neçə il əvvəl əlimizdə olan yeganə şey açar sözlər idi. Səhifələri spesifik açar sözlər üzərində yaradırdıq və optimizasiya edirdik. Kontentimizin içərisində bu açar sözləri yerləşdirirdik. Həmçinin, açar sözlərin sinonimlərindən və mənaca oxşarlarından da istifadə edirdik və sıralanmaya(ranking) yaxşı təsir etdiyini düşünürdük. Problem isə onda idi ki, bəzi açar sözlər lazımsız idi və çox təkrarlanırdı. Yaxın illərdə açar sözlərdən mövzulara keçid oldu. Açar sözlər spesifik sözlər və ifadələrdirsə, kontent daha geniş bir konseptdir. AnswerThePublic.com və SEMrush kimi vasitələrlə mövzu araşdırması apara bilərsiniz. Bu keçidə baxmayaraq, açar sözlər hələ də istənilən SEO strategiyasının onurğa sütunu hesab olunur.
Daha yeni termin isə obyektlərdir. Obyektlər dedikdə əşyalar, insanlar və məkanlar nəzərdə tutulur. Dave Davies-ə görə obyektlər SEO-nun ən yeni mərhələsidir. O deyir ki, “unikal və yaxşı müəyyən edilmiş və fərqlənə bilən hər şey obyektdir.
Buna görə saytınızın obyektlər, açar sözlər və mövzularla optimallaşmasını təmin etmək çox vacibdir.



Yüksək keyfiyyətli kontent

Sizcə, Google alqoritmləri kontentin keyfiyyətini yoxlamaqda çətinlik çəkirmi? Bir araşdırmaya görə, bəli, çəkir.

SEO xidmetleri gösteren zaman Google-da nələrə diqqət etməliyik


Şəkildən gördüyünüz kimi, Google əsas kontenti latın dilində olan vebsaytı 2-ci yerdə çıxarıb. Bu göstərir ki, sıralanmanın tam olaraq nəyin əsasında aparılması Google-ın özündən başqa heç kimə dəqiq məlum deyil.

Ümumiyyətlə, kontent baxımından sıralanma bir neçə amildən asılıdır :

  • Vebsaytın hansı sənaye sahəsinə aid olması

  • Saytınızın tarixçəsi

  • Saytınızın hal-hazırda hansı vəziyyətdə olması

  • Sənaye sahəsinin ümumi rəqabətliliyi

  • Rəqabətin hansı səviyyədə olması

  • Google alqoritmləri


Birinci amil haqqında daha detallı danışaq.

Sənaye sahələrinin normaları ən az vebsaytların özü qədər fərqli və müxtəlifdir. Bu normaları öyrənmək üçün isə Rəqib Boşluğu Analizi (Competitor Gap Analysis) həyata keçirmək lazımdır. Bu analiz ilə Google-da rəqibinizdən daha üstdə görünmək üçün nə etmək lazımdır, biləcəksiniz.
Analiz zamanı diqqət yetirməli olduğunuz sahələr :

  • Rəqiblərinizin sıralanması

  • Rəqiblərinizin kontenti (paylaşılma tezliyi, söz sayı və s.)

  • Rəqiblərinizin link profili

  • Səhifə və texniki SEO

Rəqib Boşluğu Analizi növbəti məqalələrimizin birinin əsas mövzusu olacaq.




Sənaye araşdırmaları aparın, xüsusilə müştərinizin fəaliyyət göstərdiyi sənayedən xəbərdar deyilsinizsə

Birinci iş sənaye araşdırmasının aparılmasıdır.
Belə araşdırma üçün ilkin mənbələrdən biri müştərinin özüdür. SEO işiniz üçün yararlı ola biləcək sənaye spesifikasiyalarını müəyyənləşdirmək üçün müştərinizə suallar verin.
İkinci mərhələdə rəqiblərin SERP (Search Engine Results Page - sıralama, ranking kimi başa düşülə bilər) göstəricilərini yaxşılaşdırmaq üçün istifadə etdikləri SEO elementlərini müəyyən etmək lazımdır.
Sıralama və orqanik traffik SEO-nun əsas elementləridirsə, Rəqib Boşluğu Təhlili də SEO kampaniyasında növbəti addımları qiymətləndirməyin əsas komponentidir. Araşdırmadan və sənaye normalarını müəyyənləşdirdikdən sonra, növbəti mərhələ saytın analizidir. Qısacası, saytda sizdən daha öncə hansı işlər görülüb, indi hansı işlər görülür, bunu müəyyənləşdirməlisiniz. Bu informasiya olduqca önəmlidir, çünki bir yanlış addım bütün kampaniyanıza mənfi təsir göstərə bilər. Əgər şanslısınızsa, müştərinizdə bu informasiya olacaq və sizi təmin edəcək. Əgər müştəri sizə lazımi informasiyanı verə bilmirsə, saytın hal-hazırkı vəziyyəti ilə yetinməyə və kampaniyanıza o nöqtədən davam etməyə məcbur olursunuz.



Tələsməyin

SEO üzərində işləyərkən düşünə bilərsiniz ki, açar sözlərə və linklərə dəyişiklik etdiyiniz zaman inkişafı dərhal görəcəksiniz və ya inkişaf baş verirsə, mütləq etdiyiniz dəyişikliklə əlaqəlidir. Belə düşünmək üçün tələsməyin. SEO-da işlər bu qədər sadə deyil. Hansısa qərara gələ bilmək üçün detallı orqanik trafik data analizi aparmaq lazımdır.
SEO-nu mürəkkəb edən də məhz budur - SEO korelasiya/kauzasiya paradiqmasından uzaqdır və çoxqatlı alqoritmlərdən asılıdır. Burada Google-ın gündəlik olaraq alqoritmlərinə dəyişiklik etdiyini də vurğulamalıyıq.


Ağ papaq, Qara papaq və Boz papaq SEO-çular

SEO dünyasında bir-birinə qarşı çıxan fərqli fəlsəfələr var və hər fəlsəfənin dəstəkçisi də az deyil.

Ağ papaq SEO-çular uzunmüddətli perspektivdə davamlı olan və Google´ın onları cəzalandırmasına səbəb olmayacaq üsullardan istifadə edirlər. SEO işlərində etik və şəffaf davranırlar, müştərilərə üzərində işləyə biləcəkləri hesabatlar verirlər.

Qara papaq SEO-çular Google-ın qaydalarından uzaqlaşmaqdan qorxmurlar və ən ekstrim üsulların istifadəsindən çəkinmirlər. Uzun müddətə yox, qısa müddətli nəticələrə fokuslanırlar. Saytları tez zamanda axtarışda yuxarı çıxarırlar, lakin qara metodlardan istifadə etdiklərinə görə müəyyən müddət sonra həmin saytlar axtarışdan yoxa çıxırlar. Məsələn, Scrapebox, SENuke, and XRumer kimi alətlərdən istifadə edib kütləvi linklər yaratmaqla sıralanmada yuxarı qalxmağa cəhd edənlər də qara papaq SEO-çulardır. Google onları aşkar etdikdən və saytları axtarış nəticələrindən çıxardıqdan sonra isə onlar işi yeni domenlər yenidən başlamalı olurlar.

Boz papaqlılar isə ikisinin qarışığıdır; adətən qara papaqlıların alətlərindən araşdırma üçün istifadə edirlər, lakin ağ papaqlılar kimi uzun vədəli davamlı nəticələrə fokuslanırlar.

Əgər Google-ın qara siyahısına düşmək istəmirsinizsə, siz də ağ və ya boz papaqlılardan olun :)




Hər səhifənin ayrıca SEO-su və Texniki SEO önəmli fakorlardandır

Səhifə optimizasiyasına daxildir:

  • Səhifəni dəyər ötürə biləcək şəkildə optimallaşdırmaq

  • UX (User Experience - İstifadəçi Təcrübəsi) üçün optimallaşdırma

  • Hədəf açar sözlərinin seçilməsi

  • Sosial şəbəkələrdə rahat paylaşılması üçün optimallaşdırma

  • Müxtəlif cihazlarda problemsiz görünüş üçün optimallaşdırma

  • Botlar üçün əlçatan olması

Texniki SEO isə saytınızın indekslənməsi və crawling-inə - skan olunmasına fokuslanır. ( Web Crawling - botların veb səhifələri skan etməsi prosesidir. Məqsəd veb saytları kontentlərinin axtarış edilə bilməsi üçün indeksləşdirməkdir. ) Yəni, texniki SEO zamanı saytı botlar üçün optimallaşdırırsınız. Bunun kontent və linklərlə əlaqəsi yoxdur, həyata keçirilməsi də tamamilə texniki məsələdir.

2020-ci ildə texniki SEO üçün aşağıdakıları bilməlisiniz :

  • Robots.txt ilə əlaqəli hər şey

  • Saytın naviqasiya və arxitekturasının optimizasiyası

  • URL strukturunun optimizasiyası

  • Schema.org Strukturlaşdırılmış Məlumatların tətbiqi (Structured Data Implementation)

  • URL kanonikalizasiyası. ( Bir neçə seçim arasından ən yaxşı URL-i seçmək. Məsələn,

- www.example.com

- example.com/

- www.example.com/index.html

- example.com/home.asp

Bizim üçün bu linklər eyni görünə bilər, amma texniki cəhətdən hər biri fərqlidir. Kanonikalizasiya bu linklərin arasından Google üçün ən uyğun olanı seçilməsi prosesidir.)

  • Error səhifəsi analizi və bərpası (4xx, 5xx, 3xx və s.)

  • SERP-ə təsir edən nüansları tapmaq üçün server analizi

  • Təhlükəsiz vebsayt üçün SSL tətbiqi

  • Səhifə sürəti metrikləri və səhifə sürətinə təsir edən individual SEO elementləri

  • Responsivlik və adaptivlik

  • Kod optimizasiyası

  • AMP (veb səhifələrin Google tərəfindən keşlənməsini və indekslənməsini təmin edir)

  • Çoxdilliliyinin tətbiq olunması

  • Pagination (kontenti “əvvəlki, sonrakı, 1, 2, 3” kimi səhifələrə bölmək)

  • Daxili linklər





Axtarış niyyəti üçün optimizasiya və niyyətin hədəf sorğuya dəqiq uyğunlaşması

Optimizasiyanın uğurlu olması üçün istifadəçinin axtarış niyyətini hədəf olaraq seçməlisiniz. Yəni, istifadəçi əslində nəyi axtarır, bunu anlamaq lazımdır. 2010-cu illərdən başlayaraq bu, SEO-nun təməl praktikalardan birinə çevrilməkdədir.
Açar sözlərinizin müvafiq sorğu üçün istifadəçi niyyətinə maksimum cavab verdiyinə əmin olmalısınız.


Dan Taylor yazır :
“Sorğu arxasındakı niyyəti anlamaq üçün bir çox tədqiqat aparılıb. Google işçisi Paul Haahr 2016-cı ildə əla bir təqdimat hazırlamışdı. Təqdimatda izah edirdi ki, əgər istifadəçi spesifik mağazanı axtarırsa, məsələn Walmart, o, özünə ən yaxın olan mağazanı axtarır, mağazanın Arkansasdakı baş ofisini yox. Google-ın Axtarış Keyfiyyəti Qiymətləndirilməsi Təlimatı belə məqamları əhatə edir. 3-cü bölmə kontentin təlimatlara uyğunluğuna həsr olunub. Bu uyğunluq “tamamilə uyğundur”-dan “heç uyğun deyil”ə qədərlik şkala üzərindən ölçülür və kontentin cinsəllik xarakter daşıması, xarici dildə olması, yüklənməməsi, narahatedici, məyusedici olması ilə bağlı xüsusi göstəriciləri var.”

Bu qeyd olunanlar onu göstərir ki, 2020-ci il SEO-su üçün Google-ın Axtarış Keyfiyyəti Qiymətləndirilməsi Təlimatı ilə da tanış olmalıyıq. Bu mövzu haqqında növbəti məqalələrimizdə daha ətraflı yazacağıq.
Alan Bleiweiss isə qeyd edir ki, “sorğuya cavab olmaq lazımdır”.




Avqust 2018

Google 2018-ci ilin avqustunda əsas alqoritmlərini yenilədi. Bu yenilənmə bir çox vebsaytın SERP performansını məhv etmişdi. Yenilənmənin, əsasən, tibbi saytları hədəflədiyi düşünülürdü. Amma reallıqda yenilənmə Google-ın Axtarış Keyfiyyəti Qiymətləndirilməsi Təlimatında YMYL (your money or your life - pulun, ya da həyatın) kateqoriyasında olan bütün vebsaytları hədəfləmişdi.
Bu elə yenilənmələrdən idi ki, heç kim ilk 60 gün ərzində nə baş verdiyini anlamamışdı.
Aşağıdakı infoqrafikdə hansı tip vebsaytların hədəfləndiyini görə bilərsiniz:

SEO xidmetleri zamanı diqqət edilməsi vacib olan məqamları izah edən məqalədə çart

Yaxşı nəticələr əldə etmək üçün disiplinli çalışmaq və səbirli olmaq lazımdır. Keyfiyyətə köklənən və müştərinin istəklərini nəzərə alan yanaşma seçdiyiniz halda, SERP performansınız sizə təşəkkür edəcək.


Əgər siz də şirkətinizin veb saytının məqalədə qeyd olunan şərtlərə uyğun qaydada Google kimi axtarış sistemlərində optimizasiya olunaraq sizə davamlı müştəri gətirməsini istəyirsinizsə bizdən SEO xidmətini sifariş edə bilərsiniz.




Bu yazı Search Engine Journal platformasının “SEO in 2020: What Basics You Need to Know to Be Successful” məqaləsinin bir hissəsinin tərcüməsidir.

Bəzi əlavə mənbələr : https://www.mattcutts.com/ , wikipedia, https://www.sovrn.com/


Hazırladı: Lalə Fərzizadə