Owbike 1.7.0

1.7.0 versiyasının posteri 

 

Əsas saytın yenilənməsi və digər kiçik dəyişikliklər.

Owbike bu versiyada owbike.com ünvanlı əsas rəsmi saytını yenilədi. Yeni sayt müasir dizayn trendlərinə uyğun, minimalist, rahat, sadə və bir o qədər də eleqant görünüşə sahib oldu. Yeni dizaynlı saytda qeydiyyat prosesi daha da asanlaşdırıldı. Həmçinin saytda Dizaynlar və Hazır kontentləri əks edən əlavə səhifə, platformada yaradılmış saytlardan nümunələr, vizual cəhətdən daha anlaşıqlı görünən tariflər cədvəli və digər yeniliklər də əlavə edilmişdir.





Əsas sayt

Biz mövcud istifadəçilərimizin, müştərilərimizin, dostlarımızın və pərəstişkarlarımızın istəklərini nəzərə alaraq köhnə saytdan imtina edib əsas saytı yenidən - sıfırdan yaratdıq. Qeyd edək ki, bizim əsas sayt da elə Owbike platformasının üzərində yaradılmışdır. Çoxrəngli tonlar əvəzinə elə hazırki logonun özündə istifadə olunan göy, qara və ağ rənglərdən istifadə olunub. Saytın müxtəlif hissələrinə platformanın üstünlüklərini və istifadəçiyə verdiyi dəyərləri göstərən informativ kontent əlavə olunub.





Qeydiyyat

İlk öncə qeydiyyat formasını dəyişdik. Köhnə və tam görünən formadan imtina edib. Bənd-bənd açılan forma yaratdıq. Hər bir sahənin ayrıca açılması istifadəçiyə fikrini həmin sahəyə fokuslandırmağa yardımçı olur. Ağ sahərin boşluğu istifadəçi üçün prosesi daha da asanlaşdırmış olur. Qeydiyyat prosesinə indi həmçinin şifrənin təkrarən yazılması, Şirkət adının qeyd olunması və İstifadəçi qaydaları da əlavə olunmuşdur.





Qaydalar

Peşəkarlıq dərəcəmizi və beynəlxalq proqram təminatlarının siyasəti kimi işlədiyimizi bir daha isbat etmək üçün qaydalar və məxfilik siyasəti sənədləri hazırlanmışdır. Sənədlər bizim tərəfdən sıfırdan yerli və global təcrübələrə əsaslanaraq yazılıb. Qaydalar asan oxunaqlı, hər kəsin anlayacağı sözlər ilə tərtib olunmuşdur.





Video

Owbike platformasından istifadə etməyə çağıran videoçarx hazırlanıb və saytın əsas səhifəsinə yerləşdirilib. Video reklam xarakteri daşımasından əlavə sayta təsadüfən daxil olmuş insanlara da platforma barədə qısa məlumat vermiş olur. Bu videoçarxı tezliklə bütün reklam platformalarında görəcəksiniz.





Necə işlədiyini öyrən

Yeni bir səhifə əlavə edilib. İstifadəçini qısaca platforma ilə tanış edən səhifə ümumilikdə Owbike saytyaratma platformasının necə işləməsini izah etməkdən əlavə sistemdaxili tətbiqlər barədə də giriş məlumatını verir. Səhifədə istifadəçilərimizin tez-tez ünvanladıqları suallar və onların cavabları da əks olunub.





Tariflər

Tarifləri əks edən ayrıca səhifə yaradılmışdır. Cədvəli tam izahlı formada əks edən Tariflər səhifəsində də əlaqəli mövzu barədə verilən suallar və bu sualların cavabları qeyd olunub.






Dizaynlar və Hazır Kontentlər

Əvvəllər “Məzmunlar” adlanan komponent artıq daha asan anlaşılması məqsədi ilə “Dizaynlar” adlanacaq. Bu dəyişikliyin platformanın köhnə istifadəçilərində çaşqınlıq yaratmaması üçün dəyişiklik bütün sistemdə dərhal deyil, addım-addım baş verir. Saytların admin panelində siz hələ ki, Məzmunlar sözünün işləndiyini görə bilərsiniz. Bu yeni yaranmış səhifədə isə Dizaynlar və onlardan istifadə edərək yaradılmış Hazır Kontentləri görə bilərsiniz. Biz bu səhifəyə də tez-tez verilən sualları və cavabları yazmağı unutmadıq.





Daxil ol, Yüklənilmə və sair texniki səhifələr

Platformanın Əsas saytının əsas səhifələrindəki dəyişiklik texniki səhifələrdə də öz əksini tapdı. Əvvəl İstifadəçi əsas saytdan öz saytına yönlənmək istədikdə bu keçid vasitəsi bir-başa qeydiyyat formasının yanında yerləşirdi. İndi bu imkan menyuya keçirildi və proses ayrıca texniki səhifədə gerçəkləşir. Yaradılış zamanı istifadə olunan yüklənilmə səhifəsində də vizual və texniki dəyişikliklər edilmişdir. Belə ki, yüklənilmə daha da sürətlənmişdir və yüklənilmədən sonra əvvəl baş verən avtomatik admin panelə keçid ləğv olunmuşdur. İndi siz sayt yaratdıqda yüklənilmə bitdikdən sonra sizə saytın hazırda necə görünməsinə baxmaq və admin panelə keçmək üçün seçim verilir.





Blog

Saytda yeni bölmə yaradılmışdır. Blog bölməsində biz istifadəçilər üçün marifləndirici məqalələr paylaşacağıq. Burada veb sayt tərtibatı mövzusundan əlavə, rəqəmsal marketing, dizayn, kontent formalaşdırılması, Copywriting və digər əlaqəli mövzularda da blog yazıları paylaşılacaq. Bölmədə Owbike komandası tərəfindən yazılan məqalələrdən yanaşı tərcümə əsasında hazırlanmış məqalələr və hətta digər şirkətlərdə işləyən və sahənin ekspertləri hesab olunan şəxslərdən də məqalələr paylaşılacaq.







Digər dəyişikliklər

  • Admin paneldə İstifadəçi qaydaları və Məxfilik siyasəti səhifələrinə keçidlər əlavə edilib.

  • Owtext tətbiqində mətnlərin başlığında Bölmənin başlığının da əks olunması xətası aradan qaldırılıb

  • Bölmə kartlarında yeni sıralanma seçimi əlavə edilib

  • Admin panelə ilkin giriş zamanı Hazır Kontent seçərkən yaranan kiçik texniki gecikmə aradan qaldırılıb.