Owbike 1.8.0

1.8.0 versiyasının posteri

SEO, Tariflərdə dəyişiklilər və /az/ sonluğundan imtina.

Bu versiyada platformaya yeni SEO tətbiqi əlavə olundu. Bu tətbiq istifadəçilərə saytlarını axtarış sistemlərində ön sıralara çıxartmaqda yardımçı olacaq. Digər mühüm dəyişikliklərdən biri də tariflərin yenilənməsidir. Platforma şirkətlərə artıq daha münasib qiymətlərlə sayt yaratmaq imkanı təqdim edir. Sayt yaratma sistemində texniki xarakter daşıyan digər dəyişikliklər də gerçəkləşdirilib. Saytların səhifələrindən /az/ sonluğu ləğv edilib və keş mexanizmi təkmilləşdirilib.

SEO

Yeni tətbiq istifadəçilərə saytlarını axtarış sistemlərinə çıxarmaq imkanı təqdim edir. SEO tətbiqi özü saytı Google axtarış sistemində qeydiyyatdan keçirir, saytın texniki fayllarını avtomatik tərtib edir və istifadəçiyə saytın axtarış nəticələrində yüksəlməsi üçün tapşırıqlar verir. Tətbiqin daxilində olan Skaner imkanı saytın bütün səhifələrini və ya istifadəçi tərəfindən təyin olunmuş səhifəni skan edir, səhifə ilə əlaqədar məlumatları toplayır və hətta skan əsasında xüsusi texniki sitemap.xml faylını da tərtib edib Google sisteminə göndərir. Tətbiqdə bundan əlavə Şəkillər səhifəsi də mövcuddur. Skanerin saytda aşkar etdiyi şəkilləri, şəkillərin hansı səhifələrdə tapıldığını və şəkillərin izahını(alt) aşkarlayan tətbiq istifadəçiyə həmçinin şəkilin izahını dəyişmə imkanını da təqdim edir. Google sistemi şəkillərin izahına böyük önəm verdiyi üçün bu imkan istifadəçilər üçün çox faydalı olacaqdır. Həmçinin qeyd edək ki, əgər şəkil bir neçə səhifədə aşkar olunubsa hər birində ayrı-ayrılıqda izah tərtib etməyə ehtiyac yoxdur. İstifadəçi bircə dəyişiklik etdikdə tətbiq özü Owphoto tətbiqində və saytın bütün səhifələrinin qaynaq kodlarında bu şəkilin izahını istifadəçinin istəyinə əsasən dəyişir. Tətbiqin “Tapşırıqlar” səhifəsi isə saytı daima yoxlamalardan keçirərək istifadəçiyə saytını axtarış sistemlərində qaldırmaq üçün köməkçi tapşırıqlar verir. Tətbiqin bu və digər imkanlarını sınaqdan keçirmək üçün yeni sayt yaradın və ya mövcud saytınızı 1.8.0 versiyasına yeniləyin.

Saytların axtarış sistemlərində optimallaşdırılması üçün yaradılmış SEO tətbiqinin ilkin səhifəsi

SEO tətbiqinin əsas səhifəsi




SEO tətbiqinin skanner səhifəsi

SEO tətbiqində skaner funksiyası

Tariflər

Platforma daima təkmilləşir və nəticədə biz onu daha da cəlbedici qiymətlərlə təqdim edə bilirik. Biz xidmətin ödəniş seçimlərində ciddi dəyişikliklər etdik ki, daha çox sahibkar Owbike vasitəsi ilə işini asanlaşdıra bilsin. İlk öncə qeyd edək ki, əvvəllər seçilən tarifdən asılı olaraq istifadəçiyə ödənişsiz sınaq müddəti verilirdi. Həmin sınaq müddətləri seçilmiş tarifdən asılı olaraq gün sayına görə fərqlənirdi. Artıq istifadəçi heç bir tarifə keçməsə belə sayt yaradıldığı andan etibarən platformanı heç bir ödəniş etmədən 30 gün ərzində sınaqdan keçirə biləcək. Tariflərin özünə gəldikdə isə, “Bold” tarifindən imtina edildi. Əvəzinə gələn “Ninja” tarifi kiçik büdcə ilə çevik imkanlar təqdim edir. Aylıq cəmi 15 manat qiyməti ilə gələn yeni Tarifin istifadəçilər üçün cəlbedici və çox düşərli olacağına əminik. Harley və Armstrong tariflərində də dəyişikliklər etdik. Harley tarifini artıq aylıq 30 AZN, Armstrong-u isə 50 AZN qiymətinə təqdim edərək çox ciddi bir endirim etdik deyə bilərik. Həmçinin Armstrong tarifinin təqdim etdiyi disk həcmi də 6GB-dan 10GB-a qaldırılıb.



Owbike saytyaratma sisteminin sayt yaradılışı yeni qiymətləri əks edən Tariflər səhifəsindən skrin

Tariflər səhifəsindən bir parça

/az/ sonluğundan imtina

Owbike-da vebsaytınızda yaratdığınız materiallarda, istər Owtext-da bölmə olsun istərsə də Owpages-da bir xüsusi səhifə, bütün linklərə avtomatik /az/ sonluğu əlavə olunurdu. Çoxsaylı araşdırmalardan sonra bunun saytlar üçün SEO cəhətdən ziyan ola biləcəyi nəticəsinə gəldik. Bu səbədən sonluqdan tamamilə imtina edilib və bu versiyadan etibarən səhifələrin linkləri artıq daha qısa olacaq.

Keş mexanizmində dəyişikliklər

Saytların sürətini optimal etmək üçün platformada xüsusi keş sistemi mövcuddur. Bunun sayəsində veb saytın bütün səhifələri depolanır, yığcamlaşdırılır və istifadəçi həmin səhifəyə daxil olduqda səhifə daha sürətli açılır. Lakin bəzən saytın sahibi idarəetmə panelində dəyişikliklər edərkən yenilikləri dərhal saytda görə bilmirdi. Bu versiyadan etibarən, tətbiq olunmuş texniki dəyişiklik sayəsində istifadəçi admin paneldə yeniliklər etdikdə dəyişikliklər saytda dərhal əks olunacaq.

Digər dəyişikliklər

  • Slaydşou yaratdıqda susmaya görə statusun gizli qalması xətası aradan qaldırıldı.
  • Bölmə kartlarını redaktə etdikdə detallar hissəsində vizual problem aradan qaldırıldı.
  • Geniş imkanlı mətn sahələrində Başlıqların görünüşündə yaranan vizual xəta aradan qaldırıldı.
  • Geniş imkanlı mətn sahələrində vizual dəyişikliklər edildi.
  • Geniş imkanlı mətn sahələrində Başlıqlar seçimi Formatlar seçimi ilə dəyişdirildi və Paraqraf təyin etmək imkanı əlavə olundu.
  • Owtext tətbiqində şəkilin silinməsi düyməsinin bəzən görünməməsi xətası aradan qaldırıldı.
  • Geniş imkanlı mətn sahələrində şəkli kopyalayıb yenidən daxil etdikdə yaranan xəta aradan qaldırıldı.