Owbike xidmətindən istifadə etdiyiniz üçün təşəkkür edirik! Aşağıda saytımızı ziyarət edib xidmətimizdən istifadə edən hər kəsə şamil olunan vacib şərtlər qeyd olunub. Bu şərtlər həm bizi, həm də sizi qorumaq üçün, xidmətlərimizdan istifadənin daha anlaşıqlı və etibarlı olması üçün olduqca önəmlidir.
Bilirik, hüquqi şərtlərin oxunması sıxıcı və yorucudur, lakin biz şərtlərimizi mümkün qədər qısa, sadə və anlaşıqlı dildə yazmağa çalışmışıq. Əgər şərtlərlə bağlı hər hansı sual, təklif və iradınız varsa, [email protected] email ünvanı ilə bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
İstifadə qaydaları
Son dəyişikliklərin tarixi: 09 Sentyabr 2020
1. Xidmətin təsviri
Owbike, öz biznesini onlayn üzərindən idarə etmək və reklam etmək istəyən və ya sadəcə şəxsi maraqlarını izləyici kütləsi ilə paylaşmaq istəyən hər kəsə peşəkar və yüksək funksionallı vebsayt yaratmaq imkanı verir. Xidmətdən istifadə üçün texniki və dizayn bilik və bacarıqları lazım deyil. Owbike.com saytında qeydiyyatdan keçdikdən sonra istifadəçi saytını tənzimləyəcək admin panel əldə edir və saytına şəkil, video, mətn, məqalə, slaydşou tipli kontent yerləşdirmək imkanı qazanır. Platforma sayəsində istifadəçi landing, vizit kart, xəbər portalı, blog və internet mağaza tipli veb sayt yarada bilər. Xidmətdən müvafiq tarif üzrə: a) ödənişsiz sınaq məqsədli və b) ödənişli daimi olaraq istifadə etmək mümkündür.
2. Şərtlərin qəbul edilməsi
Bu Xidmət Şərtləri (və ya sadəcə “Şərtlər”) sizinlə (bundan sonra bəzən “istifadəçi) Owbike arasında bağlanılan rəsmi müqavilədir və sizin Owbike saytyaratma platformasından(və ya sadəcə “Xidmət”) istifadənizi müəyyən edir. Xidmətdən istifadə etməklə siz birbaşa bu Şərtləri, həmçinin Məxfilik siyasətini qəbul etmiş sayılırsınız. Əgər bizim xidmətdən hər hansı şirkət üçün istifadə edirsinizsə, siz bu Şərtlər və Məxfilik siyasəti ilə həmin şirkətin adından razılaşırsınız. Əgər bu Şərtlərlə razı deyilsinizsə, bu Xidmətdən istifadə etməyin.
3. Qeydiyyat
Qeydiyyat prosesi saytın müvəqqəti ünvanının, istifadəçinin email ünvanının, saytı üçün təqdim olunacaq idarəetmə paneli üçün düşündüyü şifrənin, istifadəçinin Adının və Soyadının, təmsil etdiyi şirkət, qurum və ya şəxs adının daxil edilməsi ilə həyata keçir. Beləliklə, hesab yaradarkən istifadəçi bizə öz etibarlı elektron məktub ünvanını təqdim edir. Hesabının, şifrəsinin və hesabı ilə edilən bütün əməliyyatların konfidensiallığının təmin edilməsi üzrə məsuliyyətli olan şəxs istifadəçinin özüdür. Xidmətdən istifadə üçün istifadəçi doğru, dəqiq, tamamlanmış və cari məlumatları daxil etdiyini təsdiqləyir. Əgər istifadəçi yanlış, qeyri-dəqiq, tamamlanmamış və mövcud olmayan məlumatları daxil etsə; və ya biz daxil olunan məlumatların sadalanan mənfi keyfiyyətlərdə olduğunu müəyyən etsək, istifadəçinin hesabını ləğv etmək və ya bir müddətlik bağlamaq; göstərilən xidməti və ya onun bir hissəsini dayandırmaq hüququmuz var. Əlavə olaraq, 16 yaşdan kiçik şəxslərə Owbike platformasında qeydiyyatdan keçib, hər hansı xidmətdən istifadə etmək tövsiyə olunmur.
4. Məxfilik siyasəti
Owbike Məxfilik siyasəti bu Şərtlərin bir hissəsidir. Həmin qaydalar bizim istifadəçinin qeydiyyat məlumatlarını və ya hər hansı digər məlumatı necə toplamağımızı, qorumağımızı və istifadə etməyimizi təsvir edir. Məxfilik siyasətini oxumağı sizə şəddətlə tövsiyə edirik.
5. Vebsayt hesabı və təhlükəsizlik
Siz hesabınızın, hesabınız ilə edilən bütün əməliyyatların və vebsaytınızın təhlükəsizliyi üçün məsuliyyət daşıyırsınız. Bu şərtlərə əsasən, siz hesabınızın icazəsiz istifadəsi və ya digər təhlükəsizlik pozuntuları barədə bizə dərhal məlumat verməyi qəbul edirsiniz. Əgər siz öz təhlükəsizlik öhdəliyinizi yerinə yetirməkdə uğursuz oldunuzsa, biz dəymiş hər hansı zərərə görə məsuliyyət daşımırıq.
6. Mülkiyyət hüququ
Vebsayt (owbike.com) və Xidmət Owbike şirkətinə məxsusdur. Vebsayt və Xidmət Owbike-ın Azərbaycan qanunvericiliyi ilə qorunan özünəməxsus kontentini, xüsusiyyətlərini, funksionallığını, proqram təminatını, ticarət nişanını, loqosunu, sloqanını nümayiş etdirir. Vebsaytın və Xidmətin hər hansı hissəsinin bizim icazəmiz olmadan kopyalanması, yenidən yaradılması, ötürülməsi, nümayiş olunması qadağandır.
7. İstifadəçinin məzmunla əlaqəli hüquqları
Siz məzmununuzu sistemdə yerləşdirərkən, bizə onu sistemdə saxlamaq üçün lazım olan bütün əməliyyatlara razılıq verirsiniz. (nüsxəsini çıxarmaq, paylaşmaq kimi) Başqa sözlə, bizim sizin kontentinizi marketinq məqsədləri üçün heç bir ödəniş etmədən istənilən mediada istifadə etmək hüququmuz var. Qeyd edək ki, burada, Məxfilik siyasətinə əsasən, sizin heç bir şəxsi və konfidensial məlumatlarınız nəzərdə tutulmur.
8. Məzmun və davranış qaydaları və öhdəlikləri
İstifadəçinin bizim Xidmətdən istifadə edərək, şəxsi saytında paylaşdığı istənilən informasiya, data, mətn, şəkil, qrafik, video, mesaj, məhsul/xidmət və ya hər hansı digər material tamamilə istifadəçinin şəxsi mülkiyyətidir. Yüklənilən, əlavə edilən, paylaşılan, ötürülən məzmuna görə istifadəçi özü məsuliyyətli və cavabdehdir. Xidmət vasitəsilə paylaşılan məzmunu biz idarə etmirik.
İstifadəçi Xidmətdən istifadə etməklə incidici, ədəbsiz və ya başqa etiraz doğura biləcək məzmun paylaşdığı zaman Owbike heç bir halda həmin məzmuna, məzmundakı səhvlərə görə, və ya həmin kontentin paylaşılması, ötürülməsi səbəbilə baş vermiş və ya kiməsə/nəyəsə dəyən zərər/itkiyə görə məsuliyyət daşımır. İstifadəçi qəbul edir ki, qanunvericiliyin tələbi olduqda və ya məzmunun məhdudlaşdırılması, həmçinin qorunması bizim tərəfimizdən kifayət qədər vacib sayıldıqda, bizim həmin məzmuna müdaxilə etmək hüququmuz var.
Siz :
-
Aşağıda yazılan kontent növlərini bizim xidmətdən istifadə etməklə paylaşmayacaq, yükləməyəcək və ötürməyəcəksiniz :
i. qeyri-qanuni, ziyan/zərər verə biləcək, hədələyici, təhqiramiz, narahatedici, böhtan/şər atan, vulqar, nalayiq, hər hansı 3-cü şəxsin şəxsi məlumatlarını qəsb edən, (ünvan, elektron ünvan, telefon nömrəsi və ya həmin şəxsin razılığı olmadan hər-hansı digər məlumatı) nifrət ötürən, irqi və ya etniki baxımdan etiraz doğura biləcək;
ii. hər-hansı patent, ticarət nişanı, ticarət sirri, müəllif hüquqları, ictimaiyyət və ya gizlilik qaydalarını, həmçinin hər-hansı digər 3-cü şəxsin mülkiyyət hüquqlarını pozan;
iii. tələb edilmədən və ya istənmədən hazırlanmış commercial e-mail və ya spam. Başqa sözlə, qeyri-etik marketinq, reklam işləri və ya spamla əlaqəsi ola biləcək hər hansı digər proses; (i) sizdən istənmədiyi və ya tələb edilməyən halda sayt ziyarətçilərinə kütləvi email göndərmək, (ii) uyğunsuz linklər, başlıqlar və təsvirlərin yer aldığı kontent paylaşmaq, (iii) saytı hərkəsə açıq bir neçə forumda eyni kontentli paylaşım ilə paylaşmaq;
iv. göstərilən Xidmətin funksionallığını limitləyən, zərbə vuran, kəsən, və ya digər Owbike istifadəçilərinin Xidmətdən istifadəsinə mane olan virus və soxulcan növləri(məsələn, troyan) içərikli kompüter kodları, faylları və proqramları;
v. istifadəçiyə “ödə və qazan”, “daha tez varlan” tipli mesajlar verməklə onlardan sui-istifadə etmək məqsədi güdən;
vi. təbiətcə yetkin olan; seksual kontekstdə çılpaqlıq əhatə edən, ifşa edilən genital və digər bənzər məzmunlu;
vii. azlıq təşkil edən cəmiyyət üzvlərini hər-hansı mövzuda incidə biləcək;
viii. kiməsə zorbalıq göstərməyi və narahat etməyi təbliğ edən;
B. Xidmətlə əlaqəli olan hər hansı serverə, şəbəkəyə müdaxilə etmək və ya onları sıradan çıxarmaq/sıradan çıxarmağa cəhd göstərmək qadandır;
C. bilərəkdən və ya bilmədən hər hansı yerli, dövlət, federal və ya xarici hüququ pozmaq qadağandır;
D. qeyri-qanuni fəaliyyətlərin təlimatlarını ifşa edən, hər hansı şəxsə və ya qrupa qarşı fiziki şiddətə təşviq edən, heyvanlara qarşı qəddarlıq təbliğ edən məzmun növündə sayt yaratmaq qadağandır;
E. Xidmətdən digər başqa vebsayta keçid üçün ötürücü məqsədilə istifadə etmək, saxtakarlıqla Google və ya başqa SEO sıralamasını, həmçinin Facebook və digər sosial şəbəkələri bəyəni sayı üçün manipulyasiya etmək qadağandır,
Ə. qeyri-qanuni məqsədlər üçün hər hansı üçüncü şəxsin şifrə və ya digər şəxsi informasiyasını tələb etmək qadağandır;
F. seçdiyiniz Xidmət növündən və miqyasından çıxaraq istifadəyə haqqınız olmadığı alətlərdən, funksionallıqdan istifadə etmək, hər hansı yolla istifadəyə əl atmaq qadağandır;
G. bir səhifədə üçdən artıq reklam yerləşdirmək, həmçinin saytdan istifadəni ciddi şəkildə çətinləşdirən reklam yerləşdirmək qadağandır;
Ğ. Bizim texniki dəstək email ünvanımızdan, çatımızdan, telefon xidmətlərimizdən sui-istifadə etmək qadağandır.
Bizim bu qaydalara riayət etməyən istənilən istifadəçinin hesabını silməyə hüququmuz var.
9. Xidmətdən istifadə üçün ödəniş
Xidmətdən istifadə üçün ödəniş müxtəlif tariflər üzrə fərqlidir. Burada qeyd olunduğu kimi, sistemdə müəyyən sınaq müddəti bitdikdən sonra xidmətdən daimi istifadə etmək üçün ödəniş etmək lazımdır. Bizim qiymətləri dəyişmək, qiymətləndirmə məqsədləri üçün Xidmətin müəyyən hissələrini paketləşdirib xüsusi qiymətlər təklif etmə haqqımız var. Siz bizə hesab və maliyyə informasiyalarınızı doğrulamaq üçün lazımi olan sorğuları sizə ünvanlamağa razılıq verirsiniz.
Bütün ödənişlər manatladır (AZN) və özündə heç bir vergi öhdəliyi əks etdirmir (məsələn, əlavə dəyər, satış və s).
Owbike platforması sizin heç bir bank kartı məlumatlarınızı özündə saxlamır. Ödəniş üçün Portmanat sistemi istifadə olunur və ödəniş zamanı kart məlumatlarınızı həmin sistemin müvafiq səhifəsində daxil edərək saytınızda balansınızı artırırsınız.
Müəyyən tarif üzrə aylıq istifadə haqqı başa çatdıqda, biz növbəti ay üçün həmin tarif üzrə aylıq istifadə haqqını avtomatik olaraq yeniləmirik. İstifadəçi özü hər ayın sonunda istifadə etmək istədiyi tarifi seçir və ödənişi həyata keçirir. Ödənişlə bağlı hər hansı sual yaranarsa, [email protected] email ünvanı ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Təqdim olunan bəzi imkanlar əlavə ödəniş tələb edirlər. Əgər tarif çərçivəsində təqdim olunan hər-hansı əlavə funksional əlavə xərc tələb edirsə bu barədə məlumat Tariflər səhifəsində də əks olunur.
10. Korporativ email xidməti
Biz istifadəçilərimizə “Owl” tətbiqetməsi vasitəsi ilə korporativ email yaratmaq imkanını təqdim edirik. Tətbiq yalnız bəzi tariflər üçün açıq olduğuna görə Email xidməti də yalnız həmin tariflərdə istifadə oluna bilər.
Biz sizin email xidmətindən istifadə etdiyiniz zaman daxil edəcəyiniz informasiyanı əldə edəcəyik. (yəni, yaratdığınız email-ləri. Yazılan şifrələr sistem tərəfindən oxunmur və əldə edilmir). Owbike sizin mülkiyyət və məxfilik hüquqlarınıza bələddir. Biz sizin bizim tərəfimizdən əldə olunan məlumatlarınızı heç bir şərt altında hər hansı 3-cü şəxsə satmayacağıq və sizin razılığınız olmadan hər hansı məqsəd üçün istifadə etməyəcəyik.
İstifadəçinin daxil etdiyi məlumatın dəqiqliyi, keyfiyyəti, etibarlılığı və uyğunluğuna yalnız istifadəçinin özü cavabdehdir.
Əgər email xidmətin göstərilməsi üçün vacib olarsa, daha dəqiq olaraq, hər hansı rezerv və ya ehtiyat prosesi üçün (back-up) və ya başqa hüquqi və tənzimləyici məqsədlər üçün lazım və vacib olarsa, bizim qanunvericilik çərçivəsindən və Owbike-ın məxfilik qaydalarından və şərtlərindən kənara çıxmadan istifadəçinin daxil etdiyi informasiyanı nüsxələmək və nüsxələnmiş informasiyanı saxlamaq hüququmuz var.
11. İnternet mağaza xidməti
Biz istifadəçilərimizə “Shop” tətbiqetməsi vasitəsi ilə saytını internet mağazaya çevirmək və e-ticarət ilə məşğul olmaq imkanını təqdim edirik. Tətbiq yalnız bəzi tariflər üçün açıq olduğuna görə Shop xidməti də yalnız həmin tariflərdə istifadə oluna bilər. Tətbiq sayəsində istifadəçi öz intennet mağazasını yaradıb, orada məhsullarını satışa qoya bilər.
Satışa qoyulan məhsullara görə yalnız istifadəçinin özü məəsuliyyət daşıyır. Əgər məhsullardan hər-hansı birisi Azərbaycan Respublikasında satışı qadağan olunan məhsullar növünə aiddirsə məhsul tərəfimizdən silinə bilər və sayta da qadağalar tətbiq oluna bilər. Satılan məhsulların vergi ödənişlərini istifadəçi(satıcı) özü gerçəkləşdirməlidir. Biz istifadəçiyə məhsullarını online ödəniş əsasında satmaq imkanını da təqdim edirik. Bu satışlardan əldə olunan vəsaitləri nağdlaşdırmaq üçün istifadəçi tətbiqin müvafiq hissəsində öz Bank rekvizitlərini daxil etməlidir. İstifadəçinin saytında Bank kartı ilə baş verən hər ödənişə görə Owbike platforması istifadəçidən komissiya ödənişi çıxa bilər. Bu barədə məlumat Tariflər səhifəsində əks olunur. Komissiya ödənişləri çıxıldıqdan sonra qalan vəsait ay ərzində toplanıldıqdan sonra istifadəçinin bank hesabına göndərilir.
12. Xidmətdən imtina
Owbike platformasının xidmətlərindən imtina etmək üçün ödənişi dayandırmaq kifayət edir. İstifadəçi daha öncə seçdiyi tarif üzrə ödənişi gecikdirdikdə sayt avtomatik olaraq deaktiv rejimə keçirilir. 1 ay ərzində istifadəçi admin panelinə daxil olub, ödənişi həyata keçirərək saytını yenidən aktiv rejimə keçirə bilər. Əks halda istifadəçi xidmətdən imtina etmiş hesab olunur və sayt platformadan avromatik silinir.
13. Domen
Owbike platforması istifadəçilərə domen satışı xidmətini göstərmir və bu baxımdan xidmət digər provayderlərdən əldə edilmiş domenin istifadəçinin saytına bərkidilə bilməsi imkanı ilə kifayətlənir. Platformada yaradılmış saytlara domenlərin bərkidilməsi üçün saytların admin panelində xüsusi pəncərə mövcuddur. İstifadəçi domeni həmin pəncərədən bərkidə və çıxara bilər.